Yazıçı İlham Əzizin “Qəvvas” adlı ilk romanının təqdimat mərasimi keçirilib.
Dünən Park Akademiyada yerləşən “Libraff” kitab mərkəzində tanınmış yazıçı və publisist İlham Əzizin “Qəvvas” adlı ilk romanının təqdimat və imza mərasimi keçirilib. Tədbir “Park” nəşriyyatının təşkilatçılığı, nəşriyyatın təsisçisi və şair Şəhriyar del Geraninin moderatorluğu ilə baş tutub. Mərasimdə tanınmış yazıçılar, ictimai-siyasi xadimlər, media nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər. Mətbuat Şurasının sədri Rəşad Məcid və digər ziyalılar çıxış edərək əsərin bədii məziyyətlərindən danışıb, yazıçını yeni nəşr münasibətilə təbrik ediblər. Eyni zamanda kitabın təqdimatı “Park” nəşriyyatının bir illik yubileyinə təsadüf edib.
Redaktorluğu Şəhriyar del Geraniyə, korrektorluğu isə Nihat Pirə məxsus olan bu əsər Sovet imperiyasının süqutundan sonrakı mürəkkəb illərdən bəhs edir. Doxsanıncı illərin fonunda həm Azərbaycanda, həm də Rusiyada həyatının mirvarisini axtaran baş qəhrəman müxtəlif sərt sınaqlardan keçərək öz kökünə dönməyə məcbur olur. Klassik janrda, lakin müasir tendensiyalar nəzərə alınaraq yazılan roman insanın mahiyyəti ilə taleyi arasındakı gərgin qarşıdurmanı incə psixoloji çalarlarla nümayiş etdirir. Tədbirin sonunda müəllif oxucuların suallarını cavablandıraraq yeni romanını imzalayıb.







