Psixoloji ikiləşmə: Madonna-fahişə kompleksi və onun fəsadları

Psixoloji ikiləşmə: Madonna-fahişə kompleksi və onun fəsadları

Paradiqma.az Ketrin Çanın “Madonna-fahişə kompleksi” qadın və kişilərin psixi sağlamlığına necə təsir edir? yazısını təqdim edir.

Əsas məqamlar:

● Madonna-fahişə kompleksi fərdin qadınları hər iki tərəfi olan bütöv bir insan kimi görmək əvəzinə, onları ya saf və xeyirxah, ya da seksual və rəzil (pis) olaraq qavramasıdır.

● Bu yanaşma həm kişi, həm də qadın psixologiyasına mənfi təsir göstərən zərərli bir qənaətdir.

● Bu düşüncə tərzinə sahib olan kişilər həm sağlam münasibət qurmaqda çətinlik çəkir, həm də psixoloji problemlər yaşayırlar.

Həmçinin Madonna-məşuqə kompleksi kimi də tanınan bu anlayış, qadını ya saf və xeyirxah, ya da yüngül əxlaqlı və rəzil (pis) kimi qruplaşdıraraq qadın seksuallığını məhdudlaşdıran kişi psixologiyasının bir konstruktudur; bu yanaşma bütün cinslərin psixi rifahına, cinsi funksiyasına, eləcə də münasibətlərdəki sağlamlığa və səmimiyyətə mənfi təsir göstərir.

Terminin əsaslı izahı


● “Madonna” ifadəsi ilə saf və bakirə qadın arxetipi nəzərdə tutulur.

● “Fahişə” ifadəsi qeyri-etik və nizamsız cinsi həyat tərzi sürən qadınları təsvir etmək üçün istifadə olunur.

Məqalədə Madonna-fahişə kompleksinin yaranma tarixi, psixoloji aspektləri, eləcə də hər iki cinsin nümayəndələrinə göstərdiyi təsirlər araşdırılır; eyni zamanda bu zərərli və həqiqəti əks etdirməyən yanaşmanı dəyişdirmək və onun fəsadlarını aradan qaldırmaq üçün praktik tövsiyələr təqdim olunur.

Madonna-fahişə kompleksinin yaranma tarixi və səbəbləri nədən ibarətdir?

Madonna-fahişə kompleksinin mənşəyini izah edən bir neçə nəzəriyyə mövcuddur.

Həm Freyd nəzəriyyəsinə, həm də feminist yanaşmaya görə irəli sürülən bir tezis bu vəziyyəti, patriarxal basqının Qərb mədəniyyətindəki təzahürü olan cinsi parçalanma və güc disbalansının bir forması kimi qiymətləndirir.

Bioloji yanaşmaya əsaslanan digər bir nəzəriyyə isə bu vəziyyəti, qadınların çoxsaylı qısamüddətli cinsi münasibətlər yaşaması halında kişilərin qarşılaşa biləcəyi xəyanət və buna bağlı nəsil təhlükəsizliyi qayğısı ilə əlaqələndirir.

Madonna-fahişə kompleksinin mənşəyi ilə bağlı daha bir nəzəriyyə Yəhudi-Xristian teologiyasına əsaslanır. Bu teoloji yanaşmada qadınlar “saf mələk” və ya “əxlaqsız pozğun” kimi iki zidd qütbə ayrılır; beləliklə, qadınların ismətli “Madonna” obrazını mənimsədikləri halda cəmiyyət tərəfindən qəbul edilib tərifləndiyi, cinsi azadlığa sahib “fahişə” kateqoriyasına düşdükləri təqdirdə isə pislənərək mühakimə olunduğu, günahlandırıldığı və hətta cəzalandırıldığı bir mədəni mühit formalaşır.


Qadın obrazı özündə həm analığı, həm də seksuallığı təcəssüm etdirir

Patriarxal və müəyyən dini mühitlərdə qadınların əsas missiyasının nəslin davam etdirilməsi, həyatın idarə olunması və ailə institutunun qorunması olduğu hesab edilir; bu düşüncəyə görə, qadınlar cinsi yaxınlığı şəxsi həzz və ya təcrübə üçün deyil, yalnız uşaq sahibi olmaq məqsədilə və nikah kimi rəsmi, sadiq münasibətlər çərçivəsində yaşamalıdırlar. Madonna-fahişə kompleksi isə bu məhdud və cinsiyyətçi qəliblərə tabe olan qadınları cəmiyyətdəki yerini bilən, dəyərli və nümunəvi şəxslər kimi qələmə verir.

Digər tərəfdən, öz seksuallığı üzərində iradə sahibi olan, bədəni, zahiri görünüşü və cinsi həzzi ilə bağlı müstəqil qərarlar verən qadınlar “təhlükəli və şər ruhlu azdırıcılar” kimi damğalanaraq mühakimə olunurlar; hesab olunur ki, onlar öz mənfur əməlləri və ehtiraslı rəftarları ilə kişiləri yoldan çıxarır, onların iradəsini iflic edərək ibtidai instinktlərinə əsir edir və qadının razılığı olub-olmamasından asılı olmayaraq, kişiləri öz günahkar ehtiraslarına təslim olmağa məcbur edirlər.

Bibliyanın həm Köhnə, həm də Yeni Əhdində yer alan bəzi hissələr qadının məhz kişiyə xidmət üçün yaradıldığı şəklində təfsir olunur. Bu yanaşmanı mənimsəyən bəzi şəxslər belə hesab edirlər ki, öz həyat yoldaşına mütləq sadiqlik nümayiş etdirən və onun sözündən çıxmayan “yaxşı qadın” hörmət görüb mühafizə olunur; əksinə, kişinin qoyduğu qaydalara qarşı gələn “pis qadın” isə kəskin şəkildə qınanaraq İlahi cəzaya məhkum edilir.

Nümunə olaraq, Həvvanın qadağan olunmuş meyvəni dadaraq Cənnətin itirilməsinə səbəb olmasından sonra, Tanrı onu həm övlad dünyaya gətirməyin ağrılı və məşəqqətli prosesi, həm də həyat yoldaşına mütləq şəkildə tabe olması ilə cəzalandırmışdır.

Madonna-fahişə kompleksinin psixoloji əsasları nədən ibarətdir?

“Madonna-fahişə kompleksi” termini ilk dəfə nevroloq, nəzəriyyəçi və psixoanaliz məktəbinin banisi Ziqmund Freyd tərəfindən irəli sürülmüşdür. Onun “Belə kişilər sevdikləri şəxsə qarşı ehtiras hiss etmir, ehtiras hiss etdikləri şəxsi isə sevə bilmirlər” fikri bu kompleksin heteroseksual kişilərin cinsi həyatına göstərdiyi təsiri aydın şəkildə izah edir.

Freydin nəzəriyyəsinə görə, Madonna-fahişə kompleksindən əziyyət çəkən kişilər öz tərəf-müqabillərinə qarşı cinsi istəyi davam etdirməkdə çətinlik çəkirlər; bunun səbəbi isə həmin şəxslərin partnyorlarına bəslədikləri romantik duyğularla analarına qarşı hiss etdikləri sevgi duyğularını şüuraltı olaraq bir-birindən ayıra bilməmələridir.

Freydin nəzəriyyəsinə əsasən, bu kompleksə sahib kişilər öz partnyorlarına böyük hörmət və ehtiramla yanaşsalar da, zaman keçdikcə onlara qarşı cinsi rəğbətlərini itirirlər. Bunun təməlində cinsi ehtirasın yalnız alçaldıla bilən, əşyalaşdırılan və hörmət bəslənilməyən “yüngül əxlaqlı” qadınlara xas olduğu düşüncəsi dayanır. Freyd Madonna-fahişə kompleksindən əziyyət çəkən kişilərin romantik əlaqələrində yaşadıqları cinsi problemləri məhz bu baxış bucağı ilə əsaslandırırdı.

Freyd tərəfindən irəli sürülən nəzəriyyələrin üzərindən yüz ildən artıq vaxt keçsə də, Madonna-fahişə kompleksi müasir dövrdə hələ də aktualdır və təəssüf ki, cəmiyyət arasında geniş yayılmaqda davam edir.

Madonna-fahişə kompleksinin qadınlar üzərindəki təsirləri nədən ibarətdir?

Feminist nəzəriyyə, patriarxal inancları təşviq etdiyi və qadınların bədənləri ilə seksuallıqlarını idarə etməyi hədəflədiyi üçün Madonna-fahişə kompleksinin köklərinin qadın nifrətinə (mizoqiniya) dayandığını irəli sürür.

Bu kompleks qadınların psixi sağlamlığına, eləcə də cinsi azadlığına, muxtariyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir.

“Embrace Sexual Wellness” mərkəzinin təsisçisi, seksoloq Dr. Cennifer Litner qeyd edir ki, “Bəzi heteroseksual qadınlar kişilərin rəğbətini qazanmaq üçün özlərini spesifik bir qəlibdə təqdim etmək məcburiyyətində qala bilərlər. Madonna-fahişə kompleksi eyni zamanda qadınların öz cinsi davranışları və ya hisslərini ifadə etmə formalarına görə duyduqları şüuraltı utanc hissi ilə də özünü büruzə verir.”

Mizoqiniyanın qadınlar üzərindəki fəsadları nədən ibarətdir?

Mizoqiniya qadının psixoloji vəziyyətinə və ümumi rifahına bütün ömrü boyu müxtəlif yollarla mənfi təsir edir. Mizoqiniya və gender bərabərsizliyinin doğurduğu fəsadlar sırasında təhsil imkanlarının məhdudlaşması, eyni vəzifə üzrə qeyri-bərabər maaş bölgüsü, psixososial sıxıntıların yaranma riskinin artması, ailədaxili və tərəf-müqabili tərəfindən törədilən zorakılıq halları, cinsi istismara məruz qalma ehtimalı, eləcə də uşaq tərbiyəsi ilə bağlı məsuliyyətlərin kişilərə nisbətən daha ağır stressə səbəb olması yer alır.

Madonna-fahişə kompleksinin təməlindəki qadın nifrətinin qadınlara vurduğu ən ağır zərbələrdən biri, təcavüz hadisələrində qurbanın günahlandırılmasıdır. Bu kompleks bütün məsuliyyəti zorakılığa məruz qalmış qadının üzərinə yükləyərək iddia edir ki, qadın öz flörtü və ya cəlbedici geyimi ilə kişini yoldan çıxarmışdır; bu məntiqə görə, qarşı tərəf bu cazibə qarşısında iradəsini itirdiyi üçün özünü idarə edə bilməmiş və qadını “fahişə” kateqoriyasına aid etdiyi üçün onun bədən toxunulmazlığını pozmağı özünə rəva bilmişdir.

Bu düşüncə tərzi qadınları incitməklə bərabər, kişiləri də öz hərəkətlərinə görə daşımalı olduqları bütün məsuliyyətlərdən kənarlaşdırdığı üçün son dərəcə zərərlidir; belə ki, bu yanaşma kişiləri yalnız instinktləri ilə hərəkət edən və cinsi xarakterli vəziyyətlərdə iradəsi iflic olan varlıqlar kimi təqdim edir. Bundan əlavə, oğlan uşaqlarına və kişilərə hər bir qadına fərd kimi hörmət etməyin əhəmiyyətini aşılamaq, bir qadının geyim və ya davranış seçimlərini birbaşa cinsi razılıq kimi qəbul etməməyi öyrətmək əvəzinə, bu yanaşma qurbanı öz günahsızlığını sübut etməyə vadar edərək ağır mənəvi yükü qadının çiyinlərinə qoyur.

Qadınlar tərəfindən mənimsənilmiş mizoqiniya

Qadınlar tərəfindən mənimsənilmiş qadın nifrəti həm fərdi düşüncə sistemində, həm də gündəlik davranışlarda özünü göstərir. Nümunə olaraq, bəzi qadınlar kişilərin rəğbətini və diqqətini qazanmaq məqsədilə öz təbii xüsusiyyətlərindən kənarlaşaraq, fərqli bir tərzdə hərəkət etmək məcburiyyətində qaldıqlarını düşünürlər.

Qadınlar tərəfindən mənimsənilmiş mizoqiniya, onların cinsi azadlığa və özünəinamlı davranışlara sahib olan həmcinslərini mühakimə etməsinə, tənqid hədəfinə çevirməsinə, onlar barədə şayiələr yaymasına və ya onları sosial cəhətdən cəzalandırmasına səbəb ola bilir. Bu vəziyyət istər mühakiməni həyata keçirən, istərsə də bu mühakiməyə məruz qalan tərəf olsun, birmənalı şəkildə bütün qadınların rifahına xələl gətirir.

Dr. Litner qeyd edir ki: “Qadınlar ya qayğıkeşlik (Madonna), ya da seksuallıq (Fahişə) kimi müəyyən xüsusiyyətlərini daha qabarıq şəkildə nümayiş etdirmək təzyiqi altında qala bilərlər… Bu hal isə qadınlarda gərginlik, utanc hissi və ya daxili bir çaşqınlıqla nəticələnə bilər”.

Seksuallığın və erotik duyğuların analıq fədakarlığı, şəfqət və paklıq instinktləri ilə ziddiyyət təşkil etdiyinə inandırılmış qadınlar üçün bu vəziyyət xüsusilə ağır bir daxili münaqişəyə çevrilə bilər.

Dr. Litner vurğulayır ki, “Kökü mizoqiniyaya söykənən bu kompleks qadın seksuallığının kişilərin nəzarəti altında olması və qadın arzularının qadınların özlərinə deyil, məhz kişilərə xidmət etməsi düşüncəsini daha da möhkəmləndirir.”

Bu kompleks kişilərə də təsir edir — proses aşağıdakı şəkildə baş verir

Madonna-fahişə kompleksi eyni zamanda kişilərin həyatına da mənfi çalarlar qatır. Bu hal fərdin həm qadınlarla, həm də ətrafdakı digər insanlarla sağlam və səmimi bağlar qurmasına əngəl törətməklə onun ruhi, hissi və sosial rifahına xələl gətirir. Sözügedən kompleks kişilərin qadınlara fərdi dəyəri olan bir varlıq kimi hörmət bəsləməsinin qarşısını alaraq, onları sadəcə nəzarət edilməli, mühakimə olunmalı və üzərində hökmranlıq qurulmalı olan bir əşya kimi görmələrinə səbəb olur; bu isə, öz növbəsində, kişilər tərəfindən qadınlara qarşı törədilən cinsi istismar və zorakılıq hallarının artma riskini stimullaşdırır.

Buna əlavə olaraq, Madonna-fahişə kompleksi kişinin həyatının müxtəlif istiqamətlərinə də öz təsirini göstərə bilər. Kişilərin mizoqin meyilləri ilə onların psixi sağlamlıq göstəriciləri arasındakı bağlılığı araşdıran bir tədqiqatın nəticələrinə görə, qadın nifrəti səviyyəsi yüksək olan kişilərdə təhsil səviyyəsinin aşağı olması, işsizlik problemi və depressiv əlamətlərin üzə çıxma ehtimalı daha yüksəkdir.

Tədqiqatın sonunda qadın nifrəti təbliğ edən yanaşmaların kişilərin sağlamlıq vəziyyətinə mənfi təsir göstərdiyi müəyyən edilmişdir; həmçinin bütün cinslərin rifahını yüksəltmək naminə bu cür qərəzli inancların aradan qaldırılmasına yönəlmiş strategiyaların dərindən öyrənilməsi üçün növbəti araşdırmaların zəruriliyi vurğulanmışdır.

Madonna-fahişə kompleksi mizoqiniyaya əsaslanan və çox vaxt kişilər tərəfindən yaşadılan patriarxal inanclara söykəndiyi üçün, onun təsirlərinin aradan qaldırılmasında kişilər əsas rol oynayırlar. “Qarşı cinsə olan rəğbətini bu kompleksin təsiri altında formalaşdıran və buna müvafiq qadın obrazları axtarışına çıxan kişilər, əslində cəmiyyətdəki cinsi utanc hissini və bu qadın əleyhinə olan normaları daha da möhkəmləndirmiş olurlar.

Dr. Litner qeyd edir ki: “Cazibə hissi Madonna-fahişə kompleksinin çərçivəyə saldığı bu iki kateqoriyadan daha əhatəli bir anlayışdır. Kişilərin bu normaları mənimsəməsi və ya onlardan imtina etməsi, sözügedən kompleksin törətdiyi fəsadların artmasına və ya qarşısının alınmasına birbaşa təsir göstərən amillərdən biridir.”

Mizoqiniyanın doğurduğu fəsadlardan xilas olmağın yolları nələrdir?

Psixi sağlamlığınıza və cinsi həyatınızdan aldığınız həzzə mənfi təsir göstərən qadın əleyhinə qəlibləri sındırmaq və bu düşüncələrdən təmizlənmək üçün bir neçə üsul mövcuddur.

Seksuallıqla bağlı qənaətlərinizi dərindən dərk etməyə çalışın

Cinsi həyat və seksuallıqla bağlı qənaətlərinizi təhlil etmək, bu mövzuda daxili mühakimələr yürütmək üçün özünüzə vaxt ayırın:

  1. Bu cür düşüncələri haradan mənimsəmisiniz? Bu qənaətlərin təməlində özünüzə və ətrafınızdakı fərdlərə qarşı bəslədiyiniz sevgi və ehtiram dayanır, yoxsa onlar tamamilə fərqli amillərdən qaynaqlanır?
  2. Cinsi həyat və seksuallıqla bağlı qənaətləriniz mühakiməetmə və ya utandırma yolu ilə ətrafdakı insanlara mənfi təsir göstərirmi?
  3. Cinsi həyat və ya seksuallıqla bağlı sizin qənaətlərinizi bölüşməyən insanların cəzalandırılmalı olduğunu düşünürsünüzmü? Belə düşünürsünüzsə, bunun səbəbi nədir?
  4. Öz cinsi həyatınız və ya seksuallığınızla bağlı hər hansı bir məqama görə daxili utanc hissi keçirirsinizmi?
  5. Həyat yolunuzun hazırkı mərhələsində mövcud mənliyiniz və gələcəkdə çevrilmək istədiyiniz insan obrazı baxımından sizin üçün ən real və səmimi həqiqət nədən ibarətdir?

Öz fərdi mahiyyətinizi və sahib olduğunuz cinsi dəyərləri aydın şəkildə müəyyənləşdirin. Atacağınız addımları bu dəyərlər əsasında formalaşdırın; eyni zamanda, digər insanların da öz bədənləri və duyduqları həzz barəsində müstəqil qərar vermək hüququna hörmətlə yanaşın.

İnsanda utanc hissi yaradan mülahizələrə qarşı çıxın və ya onları tamamilə görməzdən gəlin

Cinsi həyatdan zövq almaq nə alçaldıcı bir hərəkət, nə də utanc duyulacaq bir vəziyyətdir. Qadınları cinsi arzularına görə hələ də qınayan şəxslərə məhəl qoymayın; çünki bu cür davranışlar sizin şəxsiyyətinizin deyil, məhz həmin insanların xarakterinin göstəricisidir.


Sizi utandırmağa yönəlmiş fikirlərlə üz-üzə qaldığınız zaman öz daxili həqiqətinizə sadiq qalın; unutmayın ki, şəxsi bədəniniz və cinsi həyatınızla bağlı verəcəyiniz qərarlarda mütləq iradə və ixtiyar sahibi yalnız sizsiniz.


Dr. Litnerin fikrincə, “Cəmiyyətdə bizi utandırmağa çalışan bəzi lazımsız fikirlər var. Bu fikirləri qəbul etməmək həm onlara qarşı çıxmaq, həm də öz gücünü geri qazanmaqdır.”

Sizi utandırmağa xidmət edən fikirlərlə qarşılaşdıqda öz mənliyinizə sadiq qalın və bu düşüncələrin sizin fərdi prinsiplərinizlə ziddiyyət təşkil etdiyini özünüzə təlqin edin. Dr. Litnerin də qeyd etdiyi kimi, belə məqamlarda “diqqətinizi cinsi mahiyyəti olan bir fərd kimi həyatınıza məna qatan amillərə cəmləyin.”

Cinsi terapiyaya müraciət etməyə çalışın

Cinsi problemlərlə üzləşdikdə və ya səmimiyyətə, daxili məmnunluğa mane olan köhnə, dərin inancları sorğulamaq lazım gəldikdə peşəkar dəstək almaq həm cəsarətli bir addım, həm də özünə olan sevginin təzahürüdür. Seks-terapiyası yaxın münasibətlərin keyfiyyətini artırmağa, cinsi istəyi stimullaşdırmağa, orqazm problemlərini aradan qaldırmağa, özünəinamı gücləndirməyə və daha yüksək cinsi məmnuniyyət əldə etməyə imkan verir.


Bütün bunların sizin həyatınızdakı əhəmiyyəti nədən ibarətdir

Madonna-fahişə kompleksinin aşıladığı zərərli və dövrünü başa vurmuş qənaətlərə qarşı həm kişilərin, həm də qadınların mübarizə aparması olduqca əhəmiyyətlidir; bu, hər birimizin fərdi şəkildə və bütövlükdə cəmiyyət olaraq həmin fəsadlardan xilas olmağımız üçün zəruri şərtdir.

mənbə: verywellmind
İngilis dilindən tərcümə etdi: İbrahim Aziz

Paradiqma

Paradiqma