Paradiqma.az xəbər verir ki, məşhur Livan-Fransa əsilli rəssam Əli Çerri (Ali Cherri) 2024-cü ilin noyabrında Beyrutda valideynlərinin ölümünə səbəb olan İsrailin aviazərbəsinə görə Fransada müharibə cinayətləri üzrə məhkəməyə şikayət verib.
Hücum 26 noyabr 2024-cü ildə, İsrail və “Hizbullah” arasında atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə saat əvvəl baş verib.
Zərbə nəticəsində rəssamın doqquzuncu mərtəbədəki mənzilinin tamamilə dağılması ilə yanaşı, Çerrinin valideynləri (Mahmud Naim Çerri və Nadirə Hayek) və bir ev işçisi də daxil olmaqla, ümumilikdə yeddi mülki şəxs həyatını itirib.
Beynəlxalq İnsan Haqları Federasiyasının (FIDH) dəstəklədiyi bu hüquqi proses “Amnesty International” və “Forensic Architecture” təşkilatlarının apardığı müstəqil araşdırmalara əsaslanır.
Həmin araşdırmalar hədəfə alınan binanın sırf yaşayış məqsədli olduğunu və hücum anında heç bir hərbi əhəmiyyət kəsb etmədiyini sübut edir.

Çerri hüquqi prosesin uzun çəkəcəyini qeyd etsə də, hadisənin müharibə cinayəti kimi tanınması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bu addımın atılmasının zəruri olduğunu vurğulayıb.
Həm Fransa, həm də Livan vətəndaşı olan rəssamın bu müraciəti İsrail ordusunun Livan ərazisində törətdiyi əməllərin Fransa məhkəməsinə çıxarıldığı ilk hüquqi təşəbbüs kimi tarixə düşüb.
