Eradan əvvəl V əsrdə yaşamış qədim yunan filosofu Empedoklun düşüncələri günümüzə, əsasən, özündən sonra gələn müəlliflərin şərhləri və dövrümüzədək qorunub saxlanmış bəzi fraqmentlər vasitəsilə gəlib çatsa da, bu yaxınlarda mütəfəkkirin bilavasitə öz qələminə məxsus yeni yazılar toplusu kəşf edilmişdir.
Eyni zamanda, sözügedən xəbər mətnində bu yaxınlarda tapılmış və üzərində Empedokla aid olduğu ehtimal edilən misraların yer aldığı papirus parçasının şəkli də öz əksini tapmışdır.
Ötən ay tədqiqatçılar bilavasitə Empedoklun öz sözləri ilə yazıldığı bildirilən və indiyədək məlum olmayan otuz misralıq qədim papirus tapdıqlarını ictimaiyyətə açıqladılar. Qahirədə fəaliyyət göstərən Fransa Şərq Arxeologiyası İnstitutunda araşdırmalar aparan papirologiya üzrə mütəxəssis Natan Karliq (Lyej Universiteti), bu tapıntının Empedoklun “Təbiət haqqında” (Physica) adlı poemasının əvvəllər bilinməyən bir hissəsi olduğunu müəyyənləşdirmişdir.
Lyej Universiteti məsələ ilə bağlı aşağıdakı məlumatı açıqlayıb:
“Aşkarlanmış mətn hissəciklərin axını nəzəriyyəsindən və duyğu qavrayışlarından, xüsusilə də görmə qabiliyyətindən bəhs edir. Aparılan mətn analizi nəticəsində Plutarxın (II əsr) müəllifi olduğu bir parçanın ehtimal edilən bilavasitə mənbəyi, eləcə də e.ə. IV əsrə aid edilən Platon dialoqu və Aristotelin şagirdi Teofrastın mətni də daxil olmaqla, bir sıra gözlənilməz əlaqələr üzə çıxarılmışdır. Empedoklun bu vaxta qədər diqqətdən kənarda qalmış fəlsəfi təsirləri komediya şairi Aristofan və latın dilli filosof Lukretsinin əsərlərində də müəyyən edilmişdir. Bundan əlavə, tədqiqat Empedoklun, başda abderalı Demokrit olmaqla, atomist filosofların sələfi kimi qəbul edilə biləcəyini irəli sürür…”
Bu tədqiqat işinin nəşr edilməsi, Empedoklun təlimlərinin və bütövlükdə onun yaradıcılığının daha dərindən anlaşılması üçün yeni üfüqlər açır. Nəticə etibarilə, mütəfəkkirin yunan fəlsəfəsi tarixindəki mövqeyini daha dəqiq müəyyənləşdirmək və onun həm özündən əvvəlki, həm də sonrakı filosoflarla əlaqələrini daha aydın şəkildə izah etmək mümkündür.
