Paradiqma.az Vüsal Bağırlının “Nikolay Qoqolun mistik ölümü…” yazısını təqdim edir.
Bir neçə il əvvəl rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin təqdimatı keçirilmişdir. Filmdə yazıçının əsərlərinin süjet xətti ilə bioqrafiyası mistik çalarlarla birləşdirilmişdir. Süjet boyu Dikanka (“Dikanka yaxınlığında xutor axşamları”) sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar öz yaradıcıları olan gənc yazıçı Nikolay Qoqol ilə üzbəüz qalırlar. Təsəvvürümüzdə həmişə qəribə bığları və saç düzümü ilə canlanan dahi yazıçı, bu filmdə dostu xəfiyyə Quro ilə birlikdə kənd qızlarının silsilə qətllərini araşdırmaq məqsədilə əyalətə gəlir…
Lakin burada dayanaq. Hər şeyi danışıb, filmə olan tamaşaçı marağını öldürməyək.
Söhbətimiz filmin süjeti haqqında deyil. Biz dünya ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun əzab-əziyyətləri, xəstəliyi və ölüm sirri haqqında danışacağıq.
Britaniyada kral Artur milli qəhrəman hesab olunur. Xalq təsəvvürlərinə görə, o, ölməyib və vətəni xilas etmək üçün dirilmə, geridönmə və qayıtma saatını gözləyir. Rusların bu rəvayətə uyğun qəhrəmanı isə Nikolay Qoqoldur.
Qoqol haqqında istənilən söhbət sürüşərək onun son günlərinin müzakirəsinə gəlib çıxır. Gözümüzün qarşısına yazıçının dini mistika ilə insan əzabını bir-birinə qarışdırmış faciəvi taleyi gəlir.
Bəs yazıçı necə və hansı şəraitdə dünyasını dəyişdi?
1852-ci ilin 21 fevralında (4 mart) böyük rus yazıçısı Nikolay Qoqol vəfat etdi. O, bir neçə həftənin içində solaraq 42 yaşında dünyadan köçdü. Bu müəmalı ölümdən düz 169 il ötür, amma onun sirri hələ tam olaraq açılmayıb.

Letargiya yuxusu
Nikolay Qoqolun dəhşətli ölümü və ya letargiya yuxusunda ikən diri-diri basdırılması haqqındakı şayiələr o qədər maraq doğurur ki, bəzi insanlar istər o dövrdə, istərsə də günümüzdə bunun fakt, yoxsa uydurma olduğunu ayırd edə bilmirlər. Əslində, bu şayiələrin yaranmasında Qoqolun özünün də payı vardır. Çünki o, xəstəlik vaxtı tez-tez huşunu itirir və bədəni qıc olurdu. Yazıçı diri-diri basdırılacağından ciddi şəkildə ehtiyat edirmiş.
Rus yazıçısı Sergey Aksakov xatırlayır: “Qoqol soyuqdan şikayətlənir, daim üşüyürdü. O, uzun çəkmə və qalın yun corablar geyinirdi.
Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu, onun hansısa ciddi xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.
Başqa bir tanışı isə bunları yazırdı: “İşə bir bax, o, ayaqüstə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Onu ölü zənn edib basdıracaqlarından qorxur”.
O, “Vəsiyyətnamə”sində yazırdı: “Yaddaşım, sağlam düşüncəm və ağlım başımdaykən öz son istəyimi bəyan edirəm. Məni yalnız cansız bədənimdə çürümə əlamətləri hiss edildikdən sonra dəfn edərsiniz. (Biləsiniz ki, xəstəliyimin şiddətləndiyi dövrlərdə bəzən tam hərəkətsiz oluram, nəbzim və ürək döyüntülərim hiss edilməyəcək dərəcədə yavaşıyır)”.
Məlumdur ki, yazıçının ölümündən 79 il keçdikdən sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülmüşdür. Deyilənə görə, mərhumun bədəni tabutda ölü üçün normal hesab olunmayan vəziyyətdə, yana çevrilmiş halda imiş. Tabutun daxili divarlarının isə kəsik-kəsik olduğu və cızıldığı iddia edilirdi.
Bu şayiələr bir çoxlarında Nikolay Vasilyeviçin torpaq altında, zülmət içərisində əzablı və dəhşətli şəkildə can verdiyinə dair əminlik yaradırdı. Lakin müasir tarixçilər bu faktı təkzib edirlər. Müəyyən məxfilik tədbirlərinin görüldüyü eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişmək üçün nəşin qəbirdən çıxarılması)zamanı Qoqolun qəbri ətrafına təxminən iyirmiyə yaxın adam toplaşıbmış.
Bu barədə Perm akademiyasının dosenti, tarixçi Mixail Davıdov yazır: “…yazıçı V.Q. Lidin də eksqumasiya mərasiminə iştirak edib. Məhz o, təsdiq edir ki, yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq imiş, skelet isə qeyri-təbii vəziyyətdə sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam daha da güclənməyə başladı”.
Əslində Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşında vəfat etməsindən sarsılmışdı. Bu dövrlərdə yazıçı yaradıcı fəaliyyəti dayandıraraq, vaxtının çoxunu dua edir, pəhriz tutmaqla keçirir. Sonra ölüm qorxusu ona o dərəcədə hakim kəsilir ki, hər kəsə, qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.
Xəstəliyinin şiddətləndiyi, ağlının başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol geri qaytarılması mümkün olmayan səhv edir. O, “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Belə hesab olunur ki, romanı məhv etməsini ona yaxın tanışı olan din xadimi Matvey Konstantinovski məsləhət görüb. Bu keşiş Nikolay Vasilyeviçin həyatının son dövrlərində ona böyük təsir edə bilirmiş. Din xadiminin bu cür təsir və təzyiqlərindən onun ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.
Onun şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində olduqca zəifləyib və qocalıbmış. Həkim öz qeydlərində yazırdı: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”
Artıq fevralın 10-da Qoqol o qədər gücdən düşür ki, evdən çıxa bilmir. Fevralın iyirmisində halı qəflətən pisləşir və ətrafdakıları tanımır. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə cəlb etsinlər. Həkimlərin bu həlledici səhvindən sonra Qoqol 21 fevral səhər saat 8-də vəfat edir.
Tarasenkovun yuxarıdakı qeydlərinə və konsiliumun qərarlarına müasir həkimlərin rəyi tam ziddiyyət təşkil edir:
“Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi Kalomel preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə tam zərərsiz olur. Amma xəstə pəhriz saxladığına görə mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə verib. Bir tərəfdən də ruhi sarsıntıların, əsəb gərginliyinin zəiflətdiyi bədən ölümü daha da sürətləndirib”.
Ona hamı hörmət edirdi. Hətta ölümündən sonra belə. Yazıçının tanışı, rəssam Fyodr İordan yazırdı: “ O, başına dəfnə yarpağından çələng qoyulmuş vəziyyətdə uzanmışdı. Tabutun ağzını bağlayanda çələng götürüldü və yarpaqlarının satışından xeyli pul əldə edildi. Hər kəs özünə ondan dəyərli xatirə saxlamaq istəyirdi”.
İnsan kütləsi Moskvanın Nikitski küçəsini tam bağlamışdı. Bu zaman, izdiham axını görünməmiş həddə çatır. Məmurlar və polislər gərginlik içindədir. Üsyan? İnqilab? Yox, sadəcə Qoqolun dəfn mərasimi keçirilir.
