Paradiqma.az Seymur Bonzainin “ARGENTİNA 1 – FRANSA 0” hekayəsini təqdim edir.
Qulaqlarımda sırğalar var, saçım uzundur. Profildən baxanda Şah İsmayıla oxşayıram. Məktəbdəki tarix otağında şəklini görməyim mənə ləzzət eləmişdi. O gündən saçımı uzatdım, qulaqlarımda sırğalar var. Sonra universitet başladı, bığım çıxdı və tarix otağındakı portreti tamamladım.
Tarix fakültəsində Şah İsmayıl haqqında hər şeyi öyrəndim. Onun şah olduğunu, boş vaxtlarında şeir yazdığını, hərəminin olmadığını və s. öyrəndim.
Güzgü önündə olduğum üçün bunları danışıram. Şüurumdan axan kəlmələr indi yazdıqlarıma bənzəmir. İndi yazdıqlarım aylar əvvəlki yaz günündə, güzgü önündə şüurumdan axan kəlmələrin surəti deyil. O kəlmələri kölgələrinin izi ilə xatırlayaraq cümlələr qururam. Məlum olduğu kimi, artıq yaydır, avqustdur və mən hekayə yazıram. Amma hekayə bu günə aid olmadığı üçün yaza qayıdaq.
Metro önündə qız gözlədiyim günlər geridə qalıb. O günlərdə lift kimi qalxıb-enən ürəyim də daha əvvəlki kimi deyil. İndi rastlaşdığım qızlara da bir quş. Universitet vaxtı görüşdüklərimdən xoş tər iyi gələrdi. Ütülü deyildilər. Görüntülərinin mükəmməl olması üçün özlərinə hər poxu edən yaşa hələ çatmamışdılar. Tüklərini də almırdılar. Çənələrindən gicgahlarına doğru uzanan sarı tüklər günəşdə əfsanəvi görünürdü. Bəzən hər şey yaxşı davam edəndə baldırlarındakı tükləri də görürdüm. Bir sözlə, delicious!

İndi baldırdan o tərəfə gedə bilirəm. Amma o qızların şaftalı tükləri üçün darıxıram. Mənə hələ də ləzzət eləyən az şey qalıb. Məsələn, süzülməmiş “Xırdalan” pivəsi, göbələkli çips, dostlarımla yığışıb futbola baxmaq, yəni boş-boş danışmaq və bir-birimizi hirsləndirmək. Dostlarım olmasa, ürəyim çox sıxılar. İndi də onlarla görüşə gedirəm. Güzgüyə baxıram. Səliqəli saçlar, gen “Polo” köynək, cins və yüngül ket. Bomba oğlan. Amma bir gün bunlar da bitəcək.
Günəş batır. Blokdan toz qoxusu gəlir. Günün bu vaxtı yaxşı hiss edirəm. Şah İsmayıl bu yaşda çox şey bacarmış, o məşhur döyüşdə isə artıq uduzmuşdu. Mən isə pivə içir, futbola baxıram. Hər iki gündən bir bu eynilik təkrarlanır. Elə bil altmış yaşım var. Məni həyatdan soyudan arvadıma görə evdən qaçıram.
Həyat maraqsızdır. Tez – tez ürəyim zindana dönür. Məhkum hiss edirəm. Amma ciddi şəkilləri olan ekzistensial filosoflar kimi sona qədər döyüşə bilmirəm. Qaçmaq üçün çox şey var. Sosial şəbəkələr, içki, futbol, siyasət, qızlar, porno. Yaşamağa götüm çatmır. Bu adamlar kimi başımı qatıram. Oturacaqlarda yaşlılar əyləşib, önlərində isə yaşıdlarım sıralanıb. Əllərində telefon, ya “Instagram”ın, ya da “TikTok”un reels quyusunda fırlanırlar. Bir dəqiqə ərzində kədərlənərək, gülərək və ya ehtiraslanaraq müxtəlif hallara düşürlər. Biri onlayn qumarda uduzur, digəri isə udur. Qısası, zombilərə bənzəyirlər. Yəqin zombi filmlərinin ssenarilərini yazanlar belə adamlardan təsirləniblər. Yaşlılar isə ya yatır, ya da insanlara baxırlar.
Belə ağıllı – ağıllı danışmağıma baxmayın. Mən də eyni şeyləri edirəm. Amma bunları şüurlu etdiyimə görə əzab çəkirəm. Vaqonda bal qızlar var. Hər dəfə eyni hadisə olur. Biri ilə baxışırıq. Sonra ya O erkən düşür, ya da indiki kimi mənim stansiyam çatır. Musiqi səslənir. “Elmlər akademiyası”. Üzüyuxarı eskalatorla qalxıram. Sizə dəqiq müşahidələr yazıram. Həvəsiniz olmadığına görə sona kimi oxumağınız üçün sürətli və qısa yazmalıyam. Nəysə, bu kvadrat şüşədəki qadınların səbrinə heyranam. Bütün günü eyni yerdə necə otururlar? Həmişə də kədərli olurlar. Arabir baş qatmaq üçün mikrofona “eskalatorda oturma”, “qaçma”, “uşaqların əlindən tutun” kimi sözlər deyirlər. Uşaqlar demişkən, qadınlar ana olduqdan sonrakı bir neçə ayda çox gözəl olurlar; daha dəqiq ifadə etsəm, həlimləşirlər. Buna fikir vermişəm. İndi qarşımdan sıra-sıra keçirlər. Yeni doğum etmiş bütün analar bu gün Elmlər akademiyasındadır. Göyərçinlər də Elmlər akademiyasındadır, yemlənirlər. İstirahət günü tələbələrin universitetin önündə nə gəzdiyini anlamıram. Ürəyim daralır, tələbəlik vaxtlarım yadıma düşür. Üstündən uzun illər keçsə də, insan o dövr üçün darıxır. Lap pamperslə gəzdiyim 90 yaşımda olsam belə, yenə də darıxacağımı bilirəm.

Az qalıb, az sonra PUB – a çatacam. Dünya çempionatı. Argentina – Fransa. Nə etməli olduğumu bilirəm. Az danışmalıyam. Oxumalıyam, izləməliyəm, yazmalıyam. Ailə evindən çıxmalıyam. Daim kədərli olmalıyam, axı mənim atam ölüb. Amma hər şey tərsinə olur. Bu, ürəyimi sıxır. Filmlərdən yığılmış qısa reelslərdəki qəhrəmanlar kimi olmaq istəyirəm. Amma nəticə budur – hər gün içən, çəlimsiz və futbolla baş qatan yaramaz.Tezliklə bitəcək. Özümü başqa yerlərdə görürəm. Dəniz kənarı, gözümdə eynək, dodağımda – əlimdə siqaret – pivə… İnternet yox. Yüngül yay geyimində italiyanın cənub şəhərində kofeşopda hansısa, şəkillərdə yaxşı düşən ekzistensial filosoflardan birinin kitabını oxuyuram. Telefon yox. Otlara uzanmışam, səma məni udur. Zənglər yox. Mavi rəngi artıq daha çox sevirəm. Bir zamanlar yaşıl idi. PUB – a girirəm. Argentina artıq birini vurub. Oturmamış ofisinat qız yaxınlaşır. Messi cərimə nöqtəsindən qapıya diqqətlə baxır. Sifarişim: süzülməmiş “Xırdalan pivəsi” və göbələk çips.
