Kosmik sirlər “Qadağan olunmuş planetin” ətrafında cərəyan edir

Kosmik sirlər “Qadağan olunmuş planetin” ətrafında cərəyan edir

Paradiqma.az Ceyk Karrinin “Planet Təkamülünün Yeni Paradigması” yazısını təqdim edir.

2023-cü ildə Karnegi Elmi İnstitutundan Şubham Kanodianın rəhbərlik etdiyi astronomlar qrupu qeyri-adi dərəcədə qəribə bir ekzoplanet kəşf etdi. Yerdən 282 işıq ili uzaqlıqda qərarlaşan TOI-5205 adlı qırmızı cücə ulduzun orbitində, onun öz ölçülərinə nisbətdə çox böyük olan bir planeti — TOI-5205b adlandırılan Yupiter böyüklüyündəki qaz nəhəngini saxladığı müşahidə edildi.

“Sistemlə bağlı 2023-cü ildə həyata keçirilən tədqiqatın həmmüəllifi Kanodia həmin ərəfədə verdiyi açıqlamada “Mərkəzi TOI-5205 ulduzu Yupiterdən cəmi dörd dəfə böyük olsa da, necəsə Yupiter miqyasında bir planet meydana gətirə bilib ki, bu da olduqca heyrətamizdir!” fikrini səsləndirmişdi. O, “Planetlərin əmələ gəlməsi barədə qəbul edilmiş mövcud elmi qənaətlərimizə əsasən, TOI-5205b əslində mövcud olmamalıdır; o, “qadağan olunmuş” bir planetdir” deyə xüsusi vurğulamışdı”. 

Bunu ifadə etmək bəlkə də bir qədər mübaliğəli görünə bilər, lakin TOI-5205 və onun qadağan olunmuş planeti sanki planetlərin təkamül qanunauyğunluqlarına meydan oxuyurdu. Məlumdur ki, planetlər ulduzların ətrafında dövr edən kosmik tozdan ibarət protoplanet disklərindən meydana gəlir. Qaz nəhənginin formalaşması üçün ilk mərhələdə qazı özünə cəlb edəcək bərk nüvəni yaratmağa yetəcək qədər toz kütləsinin toplanması tələb olunur. Günəşimizlə müqayisədə daha kiçik və soyuq olan TOI-5205 tipli qırmızı cücə ulduzun ətrafında TOI-5205b miqyasında bir qaz nəhəngini formalaşdıracaq qədər kosmik materialın toplanması mümkün hesab olunmurdu.

Bütün bunlara baxmayaraq, qadağan olunmuş planet özündən cəmi dörd dəfə böyük olan ulduzun ətrafında fırlanmaqda davam edir. Bu gün Kanodia “The Astronomical Journal” nəşrində əvvəlki araşdırmanın davamı mahiyyətində olan yeni bir tədqiqat işi dərc etdirdi. Bu sirli səmavi cismin qırmızı cücə ulduzun önündən etdiyi üç tranzit keçidini qeydə alan NASA-nın Tranzit Ekzoplanetləri Tədqiqetmə Peykindən əldə edilmiş məlumatlara əsaslanan tədqiqat qrupu, planetin atmosferinin kimyəvi quruluşu ilə bağlı ilkin təsəvvürlər formalaşdırmağa müvəffəq oldu.

Təəccüb doğuran məqam odur ki, qadağan olunmuş planetin atmosferindəki ağır elementlərin qatılığı Yupiter kimi öz Günəş sistemimizdəki qaz nəhənglərinə nisbətən daha aşağıdır. Məlum olan bütün digər qaz nəhənglərindən fərqli olaraq, bu səmavi cismin metallik dərəcəsi — hidrogen və heliumdan daha ağır elementlərin yayılma nisbəti — hətta ətrafında dövr etdiyi mərkəzi ulduzun göstəricilərindən də aşağı səviyyədədir.

Tədqiqat komandası planetlərin daxili quruluşu modellərinə əsaslanaraq belə qənaətə gəldi ki, TOI-5205b planetinin ümumi tərkibindəki metalların miqdarı onun atmosferindəkindən təxminən 100 dəfə çoxdur. Kanodia verdiyi açıqlamada “Planetin kütlə və radius parametrlərinə əsasən hesablanan ümumi tərkibində, bizim riyazi modellərimizin proqnozlarına nisbətdə daha aşağı səviyyədə metallik dərəcəsi müşahidə etdik” fikrini səsləndirdi. O, “Bu fakt, planetin formalaşması prosesi zamanı ağır elementlərin onun daxilinə doğru yönəldiyini və hazırda planetin dərin qatları ilə üst atmosferinin bir-birinə qarışmadığını deməyə əsas verir” deyə bildirdi.

Həlli olduqca mürəkkəb bir problem kimi özünü göstərsə də, qadağan olunmuş planetin mövcudluq sirrinin açılması ümumilikdə bütün planetlərin — hətta “normal” hesab edilənlərin belə — təkamül prosesinə aydınlıq gətirə bilər.

mənbə: nautilus

Paradiqma

Paradiqma