Əxlaqlı olan hər şey həqiqətənmi xeyirlidir? – Müsahibə (I hissə)

Əxlaqlı olan hər şey həqiqətənmi xeyirlidir? – Müsahibə (I hissə)

Paradiqma.az İbrahim Azizin Anadolu Universitetinin professoru, filosof və müasir rəqqas Demet Kurtoğlu Taşdelen ilə müsahibəsini təqdim edir.

Ənənəvi fəlsəfə, bir qayda olaraq, nəzəri çərçivə ilə məhdudlaşsa da, performativ fəlsəfə bu hüdudları aşaraq onu birbaşa fəaliyyətə və yaşantıya çevirir. Müasir dövrün mürəkkəb insanını dərk etmək təşəbbüsündə fəlsəfənin bu qədər praktik xarakter alması fərdin qarşısında hansı yeni qapıları aralayır?

İlk növbədə, bu suallar vasitəsilə mənə düşüncələrimi yenidən nəzərdən keçirmək və ifadə etmək şəraiti yaratdığınıza görə minnətdarlığımı bildirirəm. Sualların xüsusi diqqətlə tərtib edildiyini və həqiqətən dərin düşüncəyə sövq etdiyini də xüsusilə vurğulamaq istəyirəm.

Ənənəvi fəlsəfənin nəzəri müstəvidə qalması düşüncə ilə həyat arasında bir məsafə yaradır. Performativ fəlsəfə isə məhz həmin məsafəni aradan qaldırmaq təşəbbüsü kimi meydana çıxır. Təbii ki, fəlsəfənin heç də həmişə yalnız nəzəri xarakter daşımadığını xatırlamaq lazımdır. Antik dövrdən başlayaraq biz fəlsəfənin bir həyat tərzi olaraq formalaşdığı, həmçinin bədənin, təcrübənin və fəaliyyətin düşüncə prosesinin ayrılmaz tərkib hissəsinə çevrildiyi nümunələrin şahidi olmuşuq.

Digər tərəfdən, dövrümüzün fərqi həmin xəttin yenidən və daha şüurlu şəkildə açılmasından ibarətdir. Biz bu transformasiyada bəzi mütəfəkkirlərin fəlsəfəyə yanaşma tərzlərini dəyişdirmələrinin rolu ilə yanaşı, performans tədqiqatlarının və performans sənətinin təfəkkür üçün açdığı sahələrin də mühüm töhfə verdiyini müşahidə edirik. Çünki düşüncəni sadəcə nəzəri olaraq deyil, bədən, hərəkət, səs, qarşılaşma və təcrübə üzərindən qurmağa başladığımızda, insanın özüylə və dünyayla qurduğu əlaqə də dəyişir.

Artıq “anlamaq” məfhumu kənardan müşahidə edərək təhlil aparmaqdan daha çox, hər hansı bir prosesin içindən keçmək, onu yaşamaq və onunla bərabər dəyişmək mənasını kəsb edir. Bu isə fərdin qarşısında olduqca mühüm bir qapı açır: o artıq özünü dəyişməz bir subyekt kimi qəbul etməkdən uzaqlaşır və davamlı təşəkkül prosesində olan bir varlıq kimi təcrübə etməyə başlayır.

Fikrimcə, müasir insanın ən böyük problemlərindən biri parçalanmışlıqdır: təfəkkür, bədən və duyğu sanki bir-birindən ayrı fəaliyyət göstərir. Hesab edirəm ki, performativ fəlsəfə həmin parçalanmışlığı müəyyən qədər aradan qaldırmaq imkanı yaradır. O, düşünmə prosesi ilə yanaşı hiss etməyi, hərəkət etməyi və münasibət qurmağı da mümkün edir. Bununla da fərd sadəcə nə düşündüyünü deyil, həm də necə düşündüyünü, necə yaşadığını və digər insanlarla necə bir birgəlik halı formalaşdırdığını dərk etməyə başlayır.

Bu nöqteyi-nəzərdən yanaşdıqda, fəlsəfənin praktik xarakter alması dediyimiz məfhum əslində onu sadələşdirmək yox, tam əksinə, daha da dərinləşdirmək mənasını kəsb edir. Çünki təfəkkürü yaşayışın daxilinə inteqrasiya etdikdə artıq ondan yayınmaq qeyri-mümkün olur.

Hər bir qarşılaşma, hər bir hərəkət və hər bir təcrübə təfəkkür məkanına transformasiya olunur. Və bəlkə də ən mühümü odur ki, fərd özünü kənardan müəyyənləşdirməyə cəhd göstərmək əvəzinə, bilavasitə öz təşəkkül prosesinin daxilində qalaraq özünü kəşf etməyə başlayır. Fikrimcə, bu, müasir insan üçün açıla biləcək ən güclü qapılardan biridir.

Siz uzun illərdir ki, bu istiqaməti inkişaf etdirir və fəlsəfəni geniş kütlələrə aşılayırsınız. İnsanların fəlsəfəni sadəcə kitablardan mütaliə edilən bir nəzəri fənn kimi deyil, şəxsi həyatlarında bilavasitə tətbiq edə biləcəkləri bir vasitə kimi qəbul etmələri üçün ilk növbədə necə bir fundamental təfəkkür dəyişikliyinə ehtiyac duyulur?

Məncə, bunun ilk addımı fəlsəfəni tək bir formada həyata keçirilməli fəaliyyət olaraq görmə vərdişini sorğulamaqla başlayır. Yəni ilk növbədə, ənənəvi yollardan kənarda da fəlsəfə ilə məşğul olmağın mümkünlüyünü qəbul etmək lazımdır. Fransua Laruell fəlsəfənin öz imtiyazlı mövqeyini donduraraq onu digər təfəkkür və yaradıcılıq formaları ilə yanaşı qoya biləcəyimizi nümayiş etdirdiyi üçün bu məqamda onun açdığı xəttin çox mühüm olduğunu hesab edirəm.

Əslində, mənim üçün bu istiqamətin başlanğıcında bir növ üsyan dayanırdı. Mən fəlsəfənin vərdiş edilmiş, müəyyən qəliblər çərçivəsində həyata keçirilməli olduğu fikrinə etirazımı bildirdim. İncəsənətin necə ki öz avanqardı mövcuddur, fəlsəfənin də eyni şəkildə öz avanqardını axtarmalı olduğunu düşündüm.

Fəlsəfə nə üçün manifest formasında təzahür etməsin? O, nəyə görə əməli fəaliyyət, hərəkət, səs və müxtəlif təmaslar vasitəsilə düşünülməsin? Müasir rəqslə məşğul olmağımdan əlavə, məhz bu tipli suallar məni performativ fəlsəfəyə yönəltdi.

Məncə, burada filosof-sənətkarların açdığı sahə də çox qiymətlidir. Çünki onlar mahiyyət etibarilə təfəkkürlə ifadə, eləcə də məfhumla təcrübə arasındakı hüdudları sınağa çəkən bir mövqedə dayanırlar. Bu amil isə bizə fəlsəfənin sadəcə nəzəri bir elm sahəsi olmadığını, eyni zamanda bir ifadə, yaradıcılıq və həyat tərzi ola biləcəyini xatırladır.

Buna görə də insanların fəlsəfəni şəxsi həyatlarında tətbiq edə biləcəkləri bir vasitə kimi qəbul etmələri üçün tələb olunan təfəkkür dəyişikliyi, fəlsəfəni dar və qapalı bir məkan kimi dərk etməkdən imtina edərək, onu fənlərarası, hətta transdissiplinar bir fəaliyyət sahəsi kimi düşünməyə başlamaqla bağlıdır. Bu transformasiya baş verdikdə fəlsəfə sadəcə mütaliə edilən və ya mənimsənilən bir məfhum olmaqdan çıxır, bilavasitə yaşanan, təcrübədən keçirilən və fərdin öz mövcudluğunu formalaşdırarkən fəal şəkildə istifadə etdiyi bir amilə çevrilir.

Hər hansı bir fəlsəfə tələbəsi və yaxud gənc tədqiqatçının performativ fəlsəfə ilə əsaslı şəkildə maraqlanması fərdi müstəvidə necə bir daxili dəyişiklik tələb edir?

Mənim üçün performativ fəlsəfəylə dərindən maraqlanmaq sadəcə yeni bir sahəni öyrənmək və ya əlavə bir məfhumu dərk etmək kimi bir proses deyil, fərdin təfəkkürlə qurduğu münasibəti kökündən dəyişdirən bir təcrübədir. Çünki bu məqamda düşüncə beynimizin daxilində baş verən bir fəaliyyət olmaqdan çıxaraq bədənə və hərəkətə yayılır.

Sən artıq hər hansı bir mətni anlamaqla kifayətlənmir, onu yaşayırsan; hər hansı bir anlayışı sadəcə müzakirə etmir, onunla birlikdə hərəkət etməyə başlayırsan. Bu isə istər-istəməz insanı özü ilə üz-üzə qoyur. Nəticədə vərdişlərini, təfəkkür tərzini, hətta özünü ifadə etmə üsullarını şübhə altına almağa başlayırsan.

Məncə, bu müddətdə baş verən ən böyük dəyişiklik düşüncəyə idarə olunan bir şey kimi baxmaqdan əl çəkməkdir. Əksinə, sən ona məkan açmağı və onunla bərabər axıb getməyi öyrənirsən. Eyni zamanda bəzən qeyri-müəyyənlik içində qala bilməyi, bəzən isə hər hansı bir fikri dərhal yekunlaşdırmaq əvəzinə, bir müddət də onun daxilində qalmağı mənimsəyirsən. Və bəlkə də ən mühümü odur ki, təfəkkür prosesinin təkbaşına həyata keçirilən bir fəaliyyət olmadığını dərk edirsən.

Buna görə də performativ fəlsəfə, fikrimcə, fərdi sadəcə “daha çox bilən” birinə çevirməkdən daha çox, onu daha açıq, daha həssas və daha qavrayıcı bir mövcudluq halına doğru transformasiya edir. O, təfəkkürü həyatdan ayırmaq əvəzinə, onunla birlikdə yaşamağı mümkün edir.

Siz “Özünü var edə bilmə etikası” adlı kitabınızda Nərmi Uyğurun kitabına istinad edərək “Filosof öz-özünə sual verə bilən insandır” deyə qeyd edirsiniz. Oxucuların sizin fəlsəfəyə, daha dəqiq desək, filosofa olan yanaşmanızı daha yaxşı dərk etməsi üçün bu fikrinizi bir qədər də ətraflı izah edə bilərsinizmi?

Fəlsəfə, başqalarının verdiyi suallara yaxşı cavablar verməkdən əvvəl, fərdin həqiqətən öz sualını müəyyən edə bilməsi ilə başlayır. Çünki biz hər hansı bir sualı məhz özümüz üçün verdikdə həmin sual bizim üçün canlı xarakter alır, bizi narahat edir və yaxamızı buraxmır.

Hətta zaman keçdikcə o, həyatımıza nüfuz etməyə başlayır. Buna görə də mənim filosof adlandırdığım şəxs sadəcə düşünən və ya müəyyən biliklərə sahib olan biri deyil, öz sualına ciddi yanaşmağı bacaran və həmin sualla birlikdə yaşaya bilən insandır.

Nərmi Uyğurun “Fəlsəfənin çağırışı” kitabında irəli sürdüyü yanaşma mənim üçün olduqca həlledici xarakter daşımışdır: Nərmi müəllim “filosof öz-özünə sual verən insandır” deyə qeyd edir. Filosof sualı məhz özünə ünvanlayır. Belə ki, fərd hətta izdiham daxilində olsa belə, həmin sual ilk növbədə onun özünə istiqamətlənmişdir.

Bu amil isə bizi belə bir fərqləndirmə ilə üz-üzə qoyur: biz həqiqətənmi sual veririk, yoxsa sadəcə sual verirmiş kimi davranırıq? Çünki hər hansı bir sualı həqiqətən vermək həmin sualın cavabını dərhal tapmaqla bağlı deyildir; bu, əksər hallarda həmin sualın daxilində qala bilmək və onu davam etdirməklə sıx bağlıdır.


Elə buna görə də mənim üçün əsas məsələ ancaq bir suala sahib olmaq yox, o sualı yaşaya bilməkdir. Əgər bir fərd hər hansı bir sualı bütün həyatını həsr edəcək səviyyədə ciddiyə ala bilirsə, həmin sual artıq sadəcə zehni fəaliyyət olmaqdan çıxaraq bir istiqamətə, axtarışa və hətta mövcudluq formasına çevrilir. Və məhz bu məqamda fəlsəfə etik bir müstəvi kəsb edir.

Çünki özümüzə verdiyimiz və həyatımıza təmas etməsinə imkan yaratdığımız hər bir sual mahiyyət etibarilə “necə yaşamalıyam?” sualının fərqli bir təzahürüdür. Buna görə də filosof hər şeydən əvvəl məhz özünə ünvanladığı suallar vasitəsilə özü ilə həqiqi bir münasibət formalaşdırır. Bu münasibət isə hazır cavablara əsaslanaraq deyil, sual vermək prosesini davam etdirmək cəsarəti əsasında qurulur. Məncə, insanı dəyişdirən şey də elə məhz budur.

Sizcə, insanlar tərəfindən əxlaqlı qəbul edilməyən hər hansı bir məfhum yenə də doğru ola bilərmi? Əxlaqi xarakter daşıyan amil hər zaman xeyirlidirmi? Başqa sözlə desək, hər hansı bir məfhumun öz mahiyyətində “xeyir”ə (yaxşıya) nail ola bilməsi üçün onun mütləq şəkildə əxlaqlı olması zəruridirmi?

Gündəlik həyatda rahatlıqla işlətdiyimiz bu söz əslində necə gəldi və bir çox başqa mənaların yerinə keçəcək şəkildə istifadə olunur. Elə buna görə də mən sizin verdiyiniz bu sualları başqa sözlərlə ifadə edərək cavablandırmağa çalışmaq istəyirəm. Məncə, bu, çox faydalı bir sınaq olacaq.

Birinci sualınızı bu şəkildə dəyişmək istəyirəm: “İnsanların özlərinin qəbul etdiyi normalara uyğun gəlməyən bir vəziyyəti normativ olmayan bir baxış bucağından dəyərləndirəndə o, qəbuledilən sayıla bilərmi?”

Fikrimcə, sualı bu formada verdikdə həm də onun cavabını vermiş oluruq. Müzakirə istiqamətimizi müəyyən etdikdə cavab elə sual verilən zaman təzahür etməyə başlayır. Və məncə, bəli, bir qrup insanın öz normalarına uymayan bir vəziyyət normativ çərçivədən çıxarılanda qəbuledilən ola bilər.

Lakin mən burada hər hansı bir nisbilikdən bəhs etmirəm. Nisbilikdən bəhs etməyimiz üçün başdan-sona qədər normativ kontekstdə olmalıyıq. Biz “Bir qrup insanın mənimsəmədiyini başqa bir qrup insan mənimsəyə bilərmi?” deyə soruşmuş olmalıydıq, halbuki hazırda bunu etmirik.

Bizim axtardığımız məqam, normativ kontekstdə qəbul olunmayan eyni bir vəziyyətin həmin kontekstdən çıxarıldığı təqdirdə məqbul sayılıb-sayılmayacağıdır. Bu vəziyyət sanki insanlara belə bir müraciət etməyə bənzəyir: “siz doğrunu və ya yanlışı məhz öz mənimsədiyiniz normalar əsasında müəyyənləşdirirsiniz, lakin görəsən, sizə məxsus olan bu baxış bucağını kənara qoyduqda məsələyə yenə eyni cür yanaşacaqsınızmı?” Fikrimcə, “doğru” məfhumu məhz bu sual sayəsində aydınlıq qazanmağa başlayır. Bu isə hər yeni vəziyyətdə sualı yenidən verməyi tələb edən bir yanaşma formasına çevrilir.

İndi isə sualınızın əslində iki sualdan təşkil olunmuş ikinci hissəsinə nəzər salaq. Siz “əxlaqlı olan amil hər zaman xeyirlidirmi?” sualı ilə “bir məfhumun öz mahiyyətində ‘xeyir’ə nail olması üçün onun mütləq əxlaqlı olması şərtdirmi?” suallarını bir-birini əvəz edəcək formada işlədirsiniz. İkinci sualın mahiyyətini tam dərk edə bilmədiyim üçün mən məhz birinci sualı təhlil etməyə üstünlük verirəm.

Sualın birinci hissəsində “əxlaqlı” sözü ilə “yaxşı” sözünün həmişə eyni mənaya gəlib-gəlmədiyi soruşulur. Əgər biz “əxlaqlı” sözünü “yaxşı” sözünün yerinə işlətməyə öyrəşmişiksə, deməli, “yaxşı”ya da qayda-qanunlar (normalar) çərçivəsindən baxırıq. Yəni bu, mənası öncədən təyin olunmuş müəyyən “yaxşı”ların mövcudluğunu fərz etməyimiz deməkdir.

Bu halda, əvvəldəki fikrimizi daha müsbət şəkildə quraraq belə deyə bilərik: “İnsanların öz qəbul etdikləri qaydalara uyğun olan vəziyyətlər həmişə o bildiyimiz hazır “yaxşı”lardırmı?” Bu, həm də belə bir suala gəlib çıxır: Görəsən, mənası insanların qəbul etdiyi qaydalardan kənarda qalan başqa bir “yaxşı” varmı?

Məhz bu məqamda mən öz yanaşmamı təqdim edə bilərəm: hesab edirəm ki, subyektin özünü var edə bilməsi ilə bağlı “yaxşı”lar mövcuddur. Bu yaxşılar əxlaqi müstəvidən kənar bir mənada qəbul edilməlidir. Bunlar özünü var etmə yolunda irəliləyərkən fərdin mahiyyətinə uyğun gələn və birgəliklərdə ahəng yaradan yaxşılardır.

Sözügedən yaxşılar həm fərdə görə, həm də həmin fərdin həyatının müxtəlif dövrlərinə görə dəyişə bilər. Onlar insanın öz həyatı boyu yaşadıqları və qarşısına çıxanlar sayəsində formalaşan, hər dəfə yenidən qurulan yaxşılardır.

Məsələn, azadlıq, dialoq qurmaq, hörmət, eşq, səssizlik… bunlar bir şəxsin yaxşıları arasında ola bilər. Lakin növbəti mərhələlərdə həmin dəyərlər öz əhəmiyyətini itirə bilər və fərdin özünü var etmə prosesində digər yaxşılar ön plana çıxa bilər.

Şübhəsiz ki, bu, olduqca geniş bir mövzudur və özü ilə bərabər bir çox sualı da gətirir. Mən bu məsələlər ətrafında düşünməyi sevirəm. Hesab edirəm ki, “Özünü var edə bilmə etikası” adlı əsərimdə bu təfəkkür tərzinin əsaslarını qoymuşam. Sözsüz ki, bu fikirlər daha da inkişaf etdirilə bilər.

İbrahim Aziz

İbrahim Aziz