“Öz təxəyyülünün təxəyyülüsən” – Aydın Cavadın şeirləri

“Öz təxəyyülünün təxəyyülüsən” – Aydın Cavadın şeirləri

Danışılmayanlar

küncə qısılan iki səssizlik
dillərindən düşüb toz olar
və soyuq davranışlar içində
titrəyər yorularaq

və yığılıb qalan sözlər
uzaqlaşaraq sevgidən
yad yerlərə aparar
bir birini axtaranları

Rutin

gecənin kölgəsindən keçər yarpaqlar
binalar gizlənər qaranlıqda
qulaq batıran sakitlik qarşılayar insanları
bir ulduz sönər uzaqlarda

əzbərlənmiş mesajları oxuyar bir adam
dərindən hiss edər birinin xatirəsini
yüksələr klassik musiqi sədaları
kitablar başlanar vərəqlənməyə
ehtiyacdan daha artıq

bir yalnızlıq kəsər xəyallarının önünü
yansıdar hüznü düşüncələrə
və bir qasırğa sarsıdar bədənini
hər zamankı film canlanar
gözünün önündə

tutunmağı düşünər
hansısa anın dəyərinə
və sanki gözlərinə qayıdar
bir-bir tökülən yaşlar

və hər şey yenidən başlar

Təxəyyül

təxəyyülünü izlədim beynimdəki adamların
hamısı bir birindən rəngli
standartdan uzaq
bir o qədər də duyğulu
və bu izlədiklərim
heç zaman keçməzdi ağlımın ucundan
onlardan birində mən də vardım
bu şeiri yazırdım tək otağın içində
və mənə dedilər ki
sən
öz təxəyyülünün təxəyyülüsən

Mezosoprano

Yuxumun içindən keçib gəldi önümə
Heyran olduğum göz rəngiylə birlikdə
Sadəcə mənə fərqli dalğalarda toxunan
Həmin səs tonu həmin mezosoprano
Gülümsəyərkən
Gözlərim ayrılmaz dodaqlarının tərpənişindən
Barmaqları sanki piano tuşlarının üstündə
Hərəkətlənər və canlı dinləyərəm
Dünyanın ən möhtəşəm bəstəsini

Məhdudiyyət

Başqa səhərə bənzəməyən bir səhərdə pərdələndi gözləri. Qapaqları açılmağa susayan və hər səhər pəncərədən evə yayılan işığı izləmək şansını itirən iki möcüzə, onu yalnız buraxacaq etməyi planlaşdırdığı səyahətlərdə. Gecələr taksiyə oturub, dəniz kənarı ilə şəhəri gəzmək, artıq qapalı qutunun içində gerçəkləşəcək. Və zaman keçdikcə şəklini dəyişəcək yollar, şəhər və tanıdıqları. Amma onun üçün hər şey sonuncu dəfə gördüyü kimi qalacaq.

Aydın Cavad

Aydın Cavad